TRT radiosunda Bakının daşnak-bolşevik işğalından azad edilməsinə həsr olunan proqram yayımlanıb
Türkiyənin “TRT İstanbul” radiosunda yayımlanan “Azerbaycan Rüzgarı” verilişinin bu həftədəki proqramı Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümünə həsr olunub.
Əvvəl proqramda şəhidlərin xatirəsi yad edilib, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqilər səsləndirilib. Verilişdə tarixi hadisələr, o cümlədən Bakının tarixi haqqında məlumat verilib, şerlər oxunub.
Proqrama telefon bağlantısı ilə qatılan Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç iki qardaş ölkə arasındakı əsrlərdən gələn birlik və həmrəylikdən bəhs edib, daima bir-birinin köməyinə yetdiyini vurğulayıb.
Xatırladaq ki, əvvəllər Türkiyə televiziyasında ekrana çıxan “Azərbaycan Rüzgarı” proqramı bu ilin əvvəlindən yeni formatda “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanmağa başlayıb. Proqramın müəllifi və aparıcısı İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərdir.