Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
Fevralın 26-da Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri dosent İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəis müavinləri Nabil Seyidov, Nahidə Mahmudova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının inzibati və tibb heyəti iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək 33 il öncə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin Xocalıda azərbaycanlılara qarşı törədilmiş faciə barədə söz açıb. Bildirib ki, həmin gecə Xocalı şəhəri irimiqyaslı hücuma məruz qalıb və şəhəri tərk etməyə çalışan dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfərə ağlasığmaz işgəncələr verilərək qətlə yetirilib. İdarə rəisi deyib ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib.
Vurğulanıb ki, 2023-cü ilin sentyabrında keçirilən birgünlük hərbi əməliyyatlar zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Xocalı, o cümlədən Xankəndi və ətraf əraziləri nəzarəti altına aldı. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir və heç zaman bu faciəni unutmayacaq.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət şöbəsinin həkim-metodisti Səttar Yaqubov, Hüquq şöbəsinin inspektoru Səmra Qasımova Xocalı soyqırımı barədə çıxış ediblər. Təcili Yardım şöbəsinin tibb qardaşı Vüsal Şahverdiyev Xocalı faciəsinə həsr olunmuş şeir səsləndirib.
Tədbir Xocalı soyqırımına həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.