Azərbaycan ilə Gürcüstan gənclərinin birgə forumunun keçirilməsi məsələləri müzakirə olunub
Tbilisidə səfərdə olan Milli Məclisin komitə sədrləri Gürcüstanın idman naziri Şalva Qoqoladze ilə görüşüblər.
Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Eyni zamanda, Azərbaycan və gürcü gənclərinin forumunun keçirilməsi, idmançılar üçün məşq düşərgələrinin təşkili, qarşılıqlı səfərlərin sayının artırılması və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, gənclər və idman komitəsinin sədri Şahin İsmayılov ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən layihələr, dövlətin bu sahəyə diqqət və qayğısı barədə ətraflı məlumat veriblər.
Tərəflər Azərbaycan ilə Gürcüstanın birgə beynəlxalq idman yarışlarının təşkili barədə də ümumi razılığa gəliblər.
Qeyd olunub ki, Şalva Qoqoladzenin yaxın vaxtlarda Bakıya səfəri zamanı bu və digər məsələlər barədə konkret layihələr diqqət mərkəzində olacaq. Söhbət zamanı Azərbaycanın beynəlxalq idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi etməsi, bu təcrübənin öyrənilməsi barədə də fikir mübadiləsi aparılıb.