Azərbaycanın xarici işlər naziri Keniya Prezidenti ilə görüşüb
İyunun 3-də xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənbildirilib ki, görüşdə tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər.
Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
İnformasiya və kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və faydalı qazıntılar sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə birgə biznes-forumların və ticarət missiyalarının təşkilinin faydalı olacağı qeyd edilib.
Afrika ölkələrinin Azərbaycanın xarici siyasətində əhəmiyyətindən bəhs olunub, Keniya ilə yanaşı, qitənin digər dövlətləri ilə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb.
Ölkəmizin uğurlu COP29 tədbirinin və qəbul olunmuş qərarların əhəmiyyəti, 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.