kanal12.az

Kansler Şolts Almaniyanın uzunmüddətli sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb

29-04-2024, 17:37 20 dəfə baxılıb

 

     Azərbaycana rəhbərlik etdiyi 21 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, ölkəmiz mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu uğurlar isə İlham Əliyevin mütərəqqi iqtisadi islahatlarının bəhrəsidir desək, yanılmarıq. Məhz İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. 
İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Bu gün elə bir qlobal toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin mərasimə dəvət edilməsin. Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə cənab İlham Əliyevin "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getməsi, Berlində yüksəksəviyyəli görüşlərin keçirilməsi deyilənlərin təsdiqidir.  

     Petersberq İqlim Dialoqu mühüm platformaya çevrilib, dünya liderləri bu tədbirdə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlər üzrə strategiyalarını sinxronlaşdıra bilirlər. Bu il təxminən 40 ölkənin nümayəndəsi COP29-un əsasını qoymaq üçün toplaşıblar. Lakin görünür, iqlim sammiti prezident Əliyevin səfəri üçün daha çox formal bəhanə olub, görüş zamanı Almaniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və xarici işlər naziri Annalena Baerbokla mühüm ikitərəfli görüşlər keçirilib.

     Müzakirələr üç əsas mövzuya həsr olunub: Ermənistanla davam edən sülh prosesi, insan hüquqları sahəsində problemlər və COP-29-a hazırlıq. Azərbaycan prezidenti bu mövzulardan sülh danışıqlarına xüsusi diqqət yetirib, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasında böyük irəliləyiş olduğunu - potensial sülh müqaviləsinə doğru həyati əhəmiyyət kəsb edən addım atıldığını bildirib. O, noyabr sammitinə qədər sülh prosesinin başa çatacağına ümid edir. Cənab İlham Əliyev bildirib: “Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur. Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”.

     Sosial şəbəkələrdə bəhs edilən Ermənistanın baş nazirinin Bakıda iqlim sammitində iştirak etməsi perspektivi münasibətlərdə istiləşməyə işarə edən əlamətdar hadisə ola bilər, əsas vasitəçi olan Almaniya da buna kömək edir. Kansler Şolts Almaniyanın uzunmüddətli sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb, hər iki tərəfi güzəştlərə hazırlıq və cəsarət nümayiş etdirməyə çağırıb. Şolts belə deyib: “Mən icazənizlə, bir daha onu bildirmək istəyirəm ki, Almaniya sizi məsələnin uzunmüddətli və davamlı həllinin tapılmasında dəstəkləməyə hazırdır, əgər siz hər ikiniz bunu istəyirsinizsə. Mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz. Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir”.

 

 

Nəcəf Kərimov,

Salyan rayon Kərimbəyli kənd İƏD üzrə nümayəndənin müavini

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT